Power BI-da vizualların yaradılması və istifadəsi

Müəllif: Azadə İmranzadə

Salam hörmətli oxucum,

Sizi növbəti yazımda xoş gördük. 

Bu yazımızda siz Power BI-da ən vacib hesab olunan vizuallar və daha az “popular” olan vizuallar olan AI (Süni intellekt) vizualları barədə məlumat əldə edəcəksiniz.

Bizə məlumdur ki, Power BI-in ən sevilən xüsusiyyətlərindən biri də məhz onun interaktiv vizuallarıdır. Lakin, proqramda çox sayda vizual vardır ki, biz onların hamısını bütün hesabatlarımızda istifadə edə bilmərik. Vizuallarla bağlı bilməli olduğumuz ən vacib məsələlərdən biri də odur ki, hər vizualın özünün xüsusi işlənmə halları vardır. Məsələn, xətti qrafik (ing. line chart) əsasən müəyyən tarixlər üzrə dəyişən dəyərlərin dinamikasını görmək üçün istifadə edilərkən, “bar/column chart” qrafikləri isə əsasən kateqoriyalar üzrə dataların paylanmasını göstərmək üçün istifadə olunur. Biz tarixlər üzrə olmayan datanı xətti qrafik vasitəsilə vizuallaşdıra bilmərik. 

Vizualın seçilməsindəki əsas prinsip onun sadə, anlaşılan və “özü-özünü izah edə bilən” olmasıdır. Gəlin məlumatları vizuallaşdırmaq üçün mütləq bilməli olduğumuz əsas vizuallara baxaq:

  1. Kart vizualı (ing. Card visual)

Əgər bizim datamız sadəcə rəqəmdən ibarətdirsə biz rahatlıqla kart vizualından istifadə edə bilərik. Bu vizual əsasən rəqəmsal datanı göstərmək üçün istifadə edilir və daha çox cəmi (ing. total) sayları, məsələn cəmi işçi sayı, cəmi satış həcmi, cəmi görüşülən namizəd sayı və s. kimi datalarla çalışan zaman ondan istifadə edə bilərik. Həm sadə, həm də məlumatverici bir vizual olması onu olduqca istifadəyə yararlı edir. Şəkil 1-də kart vizualına nümunə göstərilmişdir. Burada şirkətin satışlardan nə qədər gəlir götürdüyü, xərclərini, mənfəəti və cəmi sifarişləri göstərilmişdir. Vizuala baxanda sahə üzrə mütəxəssis və ya Bİ üzrə analist olmasaq belə, asanlıqla vizualı oxuya bilirik. İrəli səviyyə Power BI istifadəçiləri bu vizualdan “ən yaxşı” və ya “ən pis” kateqoriyalar üzrə dataları da dinamik göstərmək üçün istifadə edir.

Şəkil 1. Kart vizualı
  1. Cədvəl vizualı (ing. table visual)

Cədvəl vizualını müqayisəli datamızı vizuallaşdırmaq üçün istifadə edirik. Məsələn ötən ay və bu ayın satışlarına baxmaq istəyirik, hansı məhsuldan satışların nə qədər olduğunu görmək istəyirik o zaman rahatlıqla cədvəl vizualından istifadə edə bilirik. Bu vizual Power BI-in 2 yeganə vizualından biridir ki, burada şərti formatlama (ing. Conditional formatting) tətbiq etməyimiz mümkündür. Şəkil 2-də cədvəl vizualına bir nümunə görə bilərsiniz.

Şəkil 2. Cədvəl vizualı
  1. Matris vizualı (ing. matrix visual)

Matris vizualı bir çox baxımdan cədvəl vizualına çox yaxındır və şərti formatlama edə bildiyimiz digər vizual növüdür. Excelin pivot cədvəlinə çox oxşayır. Cədvəldən əsas fərqi odur ki, biz matrisdə həm sətirlər üzrə, həm də sütunlar üzrə datalar daxil edə bilirik və belə daha yaxşı müqayisə edə bilirik. Məsələn, məhsulların mənfəətinə həm kateqoriyaların adına, həm də illər üzrə baxmaq istəyirik. Bu zaman matris vizualından istifadə edirik. Nümunə üçün şəkil 3-ə baxa bilərsiniz.

Şəkil 3. Matris vizualı
  1. Xəritə vizualı (ing. map visual)

Xəritə vizualı əlimizdə regional data olduğu zaman hesabatımıza əlavə rəng qatmaq üçün əla bir vasitədir. Biz müxtəlif xəritə vizualları vasitəsilə datamızı regionlar üzrə xəritədə göstərə bilərik. Bu vizualın istifadəsində nəzərə almalı olduğumuz əsas nüans bizim regional məlumatlarımızın dəqiq olması və mümkünsə “longitude, latitude”, yəni enlik və uzunluq ilə bağlı datamızın olmasıdır. Yəni, məsələn, Georgia adlı bir ölkədən satışlarımız varsa, xəritə onu avtomatik olaraq ABŞ-nin ştatı olaraq nəzərə alır və Gürcüstan olaraq düşünmür, və ya Əfqanıstanın regionlarını tanıya bilmir. Bu səbəbdən enlik və uzunluq datası bizim vizualın dəqiqliyinə yardımçı olur.

Satış müəssisəsinin çox sayda regionda filialının olması halında bu vizual olduqca yararlı vizualdır.

Şəkil 4. Xəritə vizualı
  1. Xətti və sahə vizual (ing. line and area chart)

Müəyyən zaman üzrə datamızda olan dəyişiklikləri göstərmək üçün ideal olan 2 vizual xətti və sahə vizuallarıdır. Onların bir-birindən tək bir fərqləri var ki, sahə vizualı xətti vizualdan fərqli olaraq xətlə “x” oxu arasını rəngli şəkildə göstərir. 

Məsələn deyək ki, həftəlik və aylıq mənfəətimizin trendini görmək istəyirik və ya həm gəlirimizin, həm də xərclərimizin dəyişim dinamikasına baxmaq istəyirik. Bu zaman rahatlıqla bu vizuallardan yararlanmağımız mümkündür.

Şəkil 5. Xətti və sahə vizual

Bu vizualların həm də əlavə bir özəlliyi var ki, keçmiş datamıza baxıb bizə proqnoz da verə bilir. Bu proqnoz 100% dəqiq olmasa da, bizdə müəyyən fikir formalaşdırır. Bu funskionallıq “forecasting” adlanır və vizualın tənzimləmələrindən idarə olunur.

  1. Slayser vizualı (ing. Slicer visual)

Slayer vizualı hesabatımızdakı digər vizualları filtrləmək üçün istifadə olunur və içərisinə daxil etdiyimiz datanın tipindən asılı olaraq tənzimləmə aparmaq mümkündür. Yəni ora tarix datası əlavə edib, vizuallarımızı illər üzrə filtrləyə bilərik, regionları daxil edib regionlar üzrə filtrləyə bilərik və s. Bu vizual hesabata əlavə bir gözəllik və funskionallıq qatır. Şübhəsiz ki, Power BI-in özünün filtrləmə funksiyası da var və biz filtrlərimizi oradan edə bilirik. Lakin slayserləri həm istədiyimiz kimi dizayn edə bilirik, həm də onları idarə etmək rahatdır. Qarşı tərəf də rahatlıqla hesabatda hansı filtr tətbiq olunduğunu görür.

Şəkil 6. Slayserlər
  1. Ölçü vizualı (ing. Gauge visual)

Demək olar ki, əksər şirkətlər performans idarə edilməsi sistemi tətbiq edir və KPI ölçülməsi üçün bir vizuala ehtiyac duyur. Ölçü vizualı bu göstəriciləri müqayisə etməkdə bizə faydalı ola bilər. Vizualdan istifadə edə bilmək üçün bizə hazırki dəyər və hədəfimiz lazımdır. Beləliklə hədəfimizə doğru necə irəlilədiyimizi görürük.

Şəkil 7. Ölçü vizualı
  1. KPI vizualı (ing. Key Performance Indicator visual)

Ölçü vizualından əlavə KPI adlı vizual da vardır. Bu vizual müəyyən göstərici üzrə proqresimizi göstərir. Məsələn ötən ilin göstəriciləri əlimizdə var, və hədəfimiz mənfəətimizi 30 faiz qaldırmaqdır. Hazırki mənfəətimizi aylar üzrə ötən illə müqayisə edib, mənfəətin artdığını və ya azaldığını müqayisə edə bilirik. 

Şəkil 8. Ölçü vizualı

Vizualın tənzimləmələri iki şəkildə aparıla bilər. Əgər dəyərimizin artması müsbətdirsə, dəyərlərimiz azalarsa vizual qırmızı nida işarəsi ilə bizə azalmanı yaşıl rənglə isə artımı göstərəcək. Əgər artan tendensiya neqativ, azalan pozitivdirsə, bu zaman biz vizualı “low is good” şəklində tənzimləyə bilərik ki, azalmanl pozitiv olaraq dəyərləndirsin. 

Süni İntellekt vizualları (ing. Artificial Intelligence visuals)

Məqaləmizin giriş hissəsində bildirdiyimiz kimi, Power BI-da AI (Süni İntellekt) vizualları da mövcuddur. Proqram data elmi üzrə ixtisaslaşmasa da, bəzi vizualları var ki, məhz AI məntiqi ilə çalışıb, bizə müəyyən dərəcədə “predictive” məlumatlar verə bilir.

Hazırda Power BI-ın AI vizualları aşağıdakılar daxildir:

  • “Key influencers”
  • “Decomposition tree”
  • “Q&A” vizualı
  • “Smart narrative”

“Key influencers” vizualı dataya təsir edən əsas göstəriciləri tapmaqda yardımçı olur. Deyək ki, bir ölçü (ing. measure) yaratmışıq və ona müxtəlif amillər təsir edir. Hansı amil nə dərəcədə təsir edir tapmaq üçün bu vizualdan istifadə edə bilirik.

Şəkil 9. Key influencers

Qeyd edim ki, bu vizualdan istifadə  yeni istifadəçi üçün biraz çətin ola bilər. Çünki vizualı oxuya bilmək üçün müəyyən dərəcədə təcrübə lazımdır.

“Decomposition tree” vizualı datanı müxtəlif “dimension”, yəni ölçülərə bölməyə imkan verir. Şəkil 10-daki nümunəyə baxaq. Bizim mənfəət datamız var və onu müştərilərin ixtisaslarının, təhsilinin və məhsulun kateqoriyaları üzrə aşağıdakı kimi hissələrə bölüb baxa bilirik. 

Şəkil 10. Decomposition tree

“Q&A” , yəni sual-cavab vizualı dataya sual verərək oradan müxtəlif vizuallar yarada bilmək imkanı verir. Vizual barədə onu deyə bilərəm ki, hələ ki ancaq ingilis dilində sualları başa düşür və digər dillər üçün istifadəsi mümkün deyil. Datamız ingilis dilində deyilsə, bu vizualdan bir nəticə almağımız mümkün deyildir. Eynilə “Smart narrative” adlanan vizual da ingilis dilində olan datamızı bizim üçün ümumiləşdirib əsas nöqtələri qeyd edir. Vizuallarımıza hər hansı filter tətbiq etdikdə, narrative də ona uyğun dəyişir.

Şəkil 11. Smart narrative

Növbəti yazımızda görüşənədək.

Default image
Azadə İmranzadə
Articles: 4

Leave a Reply