Power BI-da iş sahəsi rolları

Müəllif: Azadə İmranzadə

Salam hörmətli oxucum,

Sizi növbəti yazımda xoş gördük. 

Əvvəlki yazılarımızda bəhs etdiyimiz kimi Power BI 3 əsas elementdən – Power BI masaüstü tətbiq (ing. desktop app), mobil versiya və Power BI servisdən ibarətdir. Digər məqalələrdə əsasən Power BI masaüstü tətbiq vasitəsilə edə bildiyimiz fəaliyyətlərdən danışdıq. Bu yazımızda sizə Power BI servisin xidmətindən və burada nələr edə biləcəyimizdən bəhs edəcəyəm.

Power BI servisin ən başlıca fəaliyyət istiqaməti masaüstü tətbiqdə hesabatı hazırladıqdan sonra hesabatın paylaşılması, təhlükəsizliyinin təmin edilməsi və komanda yoldaşlarımızla birgə vahid datasetdən istifadə imkanlarıdır.

Servisin müəyyən xüsusiyyətlərindən ödənişsiz istifadə edə bilsək də, onun tam funksionallığından yararlana bilmək üçün bizə müxtəlif növ lisenziyalar təklif olunur. 

Power BI servisdə müəyyən qrup həmkarlarımızla birgə eyni hesabat və datalarla çalışmaq üçün biz iş sahələrindən (ing.workspace) istifadə edirik. Hər bir istifadəçinin özünə aid, yalnız özünün görə bildiyi “mənim iş sahəm” (ing.my workspace) (ing.workspace) və sonradan yaradıla bilən ortaq iş sahələri olur. Yeni iş sahəsini yaratmaq və onlardan istifadə edə bilmək üçün bizə ödənişli lisenziya lazımdır.

Şəkil 1. İş sahələri

İş sahələri ilə çalışan zaman bir sıra nüanslara diqqət etməliyik. Bunlardan ən önəmlisi iş sahələrində rollarla bağlıdır. Rollar hər üzvün iş sahəsində nələr edə biləcəyini idarə edə bilməyimizə imkan verir. Bu sanki komanda işindəki iş bölgüsünü xatırladır. İş sahəsi rolları admin, üzv (ing. member), töhvə verən (ing. contributor), və izləyici (ing. viewer) olmaqla 4 pillədən ibarətdir. 

Hər bir rolun iş sahəsindəki data üzərində edə biləcəyi işlər fərqlidir. Yuxarıdakı sadalama ən yüksək səlahiyyət səviyyəsindən minimum səviyyəyə doğru enir. Yəni admin bir iş sahəsi ilə bağlı hər səlahiyyətə sahib olarkən, izləyici sadəcə datalara baxa bilir. Onunla bağlı başqa heç bir səlahiyyəti mövcud deyildir. 

İş sahəsindəki rolların səlahiyyətləri ilə bağlı Microsoftun saytında paylaşılmış cədvəl də ətraflı məlumat təqdim edilmişdir.

Şəkil 2. İş sahələrində rollar

Qısa olaraq hər bir rolun səlahiyyətlərinə nəzər salaq:

  • Admin rolu iş sahələrinin ən yüksək səlahiyyətlərinə sahib roludur. Bu rol iş sahəsinə yeni üzv əlavə etməkdən, çıxarmağadək hər haqqa sahibdir. Başqa şəxslərə bu rolu verərkən çox diqqətli olmağımız lazımdır. Çünki bir başqasına yaratdığımız və yaxud idarə etdiyimiz iş sahəsinin adminliyini təqdim etdiyimizdə, həmin istifadəçi bizi həmin iş sahəsindən çıxarmaq imkanlarına sahibdir.
  • Admin rolundan biraz az səlahiyyətlərə malik olan ikinci rol üzv (ing. member) roludur. Admindən əsas fərqi ondadır ki, üzvlər iş sahəsi yaratmaq və silmək, özündən çox səlahiyyətləri olan üzv əlavə etmək və silmək səlahiyyətlərindən məhrumdur. Digər bütün səlahiyyətləri mövcuddur.
  • Üçüncü rol töhvə verən (ing. contributor) roludur. Bu rolun əsas vəzifəsi hesabatları və daşbordları hazırlamaq, onları aktual saxlamaq və idarə etməkdir. Həmçinin iş sahəsində olan hesabatları və digər elementləri yaratmaq, nüsxəsini çıxarmaq, düzəlişlər etmək, silmək, yenilənmələrin planlanmasını və s. edə bilir.
  • Sonuncu rolumuz izləyici (ing. viewer) roludur ki, o yanlız elementlərə baxa bilir. Hesabatları oxuya bilir. Lakin heç bir elementi dəyişmək və ya düzəliş etmək səlahiyyətinə sahib deyildir. 

Ümumilikdə qeyd etmək lazımdır ki, hər bir rol özündən aşağı olan rolun bütün səlahiyyətlərinə sahibdir. Rollar təyin edilərkən “minimal səlahiyyət” prinsiplərinə riayət etmək lazımdır. Yəni iş sahəsinin admini olaraq biz, başqa istifadəçilərə rol veririksə, onlara lazım olandan artıq səlahiyyət verməməliyik. Məsələn, istifadəçi sadəcə hesabatları oxumalıdırsa, ona izləyici rolu yerinə töhvə verən rolu verməməliyik. Və yaxud, əgər istifadəçi hesabatlarla işləyəcəksə, onları hazırlayıb, iş sahəsini səliqədə saxlamaq işindən məsuldursa, ona töhvə verən rolunu vermək kifayətdir.

Növbəti yazımızda görüşənədək.

Default image
Azadə İmranzadə
Articles: 4

Leave a Reply